Oxucu sual verir: Şah İsmayıl Xətayinin ulu babası, Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin Ərdəbili hansı məzhəbə mənsub olmuşdur?
Şeyx Səfiəddin Ərdəbilinin hansı məzhəbə mənsub olması barədə fikirlər ziddiyyətlidir. Şərqşünasların bir çoxu onu əhli-sünnə məzhəbinə aid ediblər. Əks cəbhədə duran alimlərdən biri, türkiyəli tarixçi Ə.B.Şapolyo “Məzhəblər və təriqətlər tarixi” kitabında qəti şəkildə yazır: “Səfəvi dövləti öz adını şiə pirlərindən olan Şeyx Səfiəddin Ərdəbilidən almışdı”.
Bu mövzuda ən mötəbər sayılan mənbələrdən biri Şeyx Səfinin vəfatından təqribən 25 il sonra oğlu Şeyx Sədrəddinin göstərişi ilə İbn Bəzzaz Ərdəbili tərəfindən qələmə alınmış “Səfvətüs-səfa” kitabıdır. Əsərin müasir elmi-tənqidi mətni 9 nüsxə əsasında hazırlanıb. Həmin nüsxələrin yalnız ikisində Şeyx Səfinin öz dilindən əhli-sünnə məzhəbinə bağlı olduğu yazılıb, bunun da səbəbini təqiyyədə görürlər. Qalan nüsxələrdə isə Şeyx Səfi cəfəri şiəsi kimi təqdim edilib. Şeyx Səfinin Əhli-beyti mədh edən şeirləri də mövcuddur. Bütün bunlar onun cəfəri məzhəbinə mənsub olduğunu ehtimal etməyə əsas verir.