Fələstinin bütün siyasi cinahları və hərəkatları ABŞ-ın İsrail-Fələstin münaqişəsi ilə bağlı Bəhreyndə keçirmək istədiyi toplantını indidən boykot etməyə başlayıblar.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Fələstin Azadlıq Təşkilatı ABŞ-ın Fələstinlə bağlı Bəhreyndə keçirmək istədiyi toplantını rəsmən boykot etdiyini bildirib.
Bundan öncə Fəth hərəkatının sözçüsü Üsamə əl-Qəvasimi də ABŞ-ın fələstinlilərin hüquqlarını məsxərəyə aldığını bildirib və təmsil etdiyi hərəkatın burada iştirak etməyəcəyini bildirib.
ABŞ-ın Fələstin planı ilə bağlı Bəhreyn toplantısına ilk etiraz və boykot HƏMAS-dan gəlmişdi. HƏMAS ərəb ölkələrini ABŞ-ın bu toplantısına qatılmamağa çağırıb.
Qeyd edək ki, ABŞ-ın Bəhreyn toplantısında Vaşinqtonun Fələstin məsələsi ilə bağlı planını ilk mərhələsi müzakirə ediləcək. Planın birinci mərhələsinə əsasən fələstinlilərin “rifahı” üçün maddi dəstəklərin edilməsi müzakirə ediləcək. Artıq Səudiyyə Ərəbistanı bu toplantıya qatılacağını bəyan edib.