İranın müvafiq qurumları elan ediblər ki, Nətənz nüvə stansiyasında uranın aşağı dərəcədə zənginləşdirilməsini 4 qat artırıblar.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi məlumat verib.
İran rəsmisi ötən gün Nətənz nüvə stansiyasında keçirilən mətbuat konfransı zamanı ABŞ-ın nüvə sazişindən çıxmasına və sanksiyaları bərpa etməsinə görə, habelə Avropa İttifaqı dövlətlərinin sazişin şərtlərinə əməl edə bilməməsinə görə, stansiyadakı uranın zənginləşdirilməsi işlərinin 4 qat artırıldığını bildirib.
Bundan öncə İran elan edib ki, qarşı tərəfin şərtlərə əməl etməməsinə görə sazişin iki bəndinin icrasını dayandırır.
Qeyd edək ki, bu bəndlərdən biri İrandan tələb edirdi ki, 300 kq-dan artıq zənginləşdirilmiş uranı satsın. Digər bənd isə İrandan tələb edirdi ki, ağır suyun 130 tondan artığı saxlanılmamalı, digər ölkələrə satılmalıdır. İran son addımı çərçivəsində qarşı tərəfə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 2 ay möhlət verib. Rəsmi Tehran bildirib ki, iki ay ərzində neftin ixracı və bank məsələləri ilə bağlı öhdəliklər həllini tapmasa nüvə sazişinin daha iki bəndinin icrasını da dayandıracaq.