Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam hacı Allahşükür Paşazadə İranın daxili işlər naziri Əhəmməd Nəccarlala görüşündə Azərbaycandan avtobusla həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb.
Bu barədə SalamNews-a QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Onun sözlərinə görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı, bu il həccə gedəcək zəvvarların təhlükəsizliyi, sərhəd-keçid məntəqələrindən problemsiz keçməsi ilə bağlı danışıqlar aparılıb.
Xatırladaq ki, Azərbaycandan bu il baş tutacaq Həcc ziyarətinin marşrutu dəyişdirilib. Marşurutun dəyişdirilməsinə səbəb Suriyada yaşanan hadisələrlə bağlıdır. Ona görə də bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək. Onlar İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşməsi nəzərdə tutulur.
Tehranda işgüzar səfərdə olan QMİ-nin sədri Allahşükür Paşazadə İran Prezidenti və bu ölkənin parlamentinin sədri ilə görüşüb.
Təcavüzkar Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu A.Paşazadə İran prezidentinin diqqətinə çatdırıb.