Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası və "Yeni Nəsil" Jurnalistlər Birliyinin birgə layihəsi çərçivəsində "İslam və müasir cəmiyyət" mövzusunda dəyirmi masa keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, tədbirin keçirilməsində əsas məqsəd din problemlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması ilə bağlı məsələləri müzakirə etmək, bu mövzuya maraq göstərən jurnalistlərin yeni birliyini yaratmaq və onlar üçün qrant müsabiqəsi elan etməkdir.
Onun sözlərinə görə, aparılan monitorinq zamanı məlum olub ki, kütləvi informasiya vasitələrində dinlə bağlı materialların 17 faizə qədərində ilkin mənbədən məlumat alınmayıb. Bu səbəbdən, Ə.Amaşovun fikrincə, dindən yazan jurnalistlərin Bakı İslam Universitetində təcrübə keçməsinə ciddi ehtiyac var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov Azərbaycanda dini təriqətlərlə bağlı problemlər olduğunu xatırladıb. Onun fikrincə, bəziləri islama qayıdışı milli-mənəvi dəyər kimi başa düşmədiyindən müəyyən problemlər ortaya çıxır.
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə, islam və müasir cəmiyyət arasında yaranan problemlər və bu mövzunun aktuallığı son vaxtlar baş verən hadisələr zamanı bir daha ortaya çıxıb: "ABŞ Dövlət Departamentinin dəstəyi ilə "Yeni Nəsil" Jurnalistlər Birliyi və "İnternyus-Azərbaycan" İctimai Birliyi birgə 2 illik layihə həyata keçirir. Biz jurnalistlər üçün treninqlər təşkil edəcək, teleradio verilişləri hazırlayacaq və başqa tədbirlər reallaşdıracağıq".
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli mediada dinlə bağlı məsələlərin işıqlandırılmasının yaxşı olduğunu, lakin bu prosesin bir qədər gecikdiyini bildirdi: "Azərbaycan müsəlman ölkəsidir. Amma "necə müsəlman ölkəsidir" sualına cavab verilməlidir".
Rektorun fikrincə, müstəqillik illərində islama dönüşümüzün tarixi də çox qısadır: "Azərbaycan çox mühüm strateji bir məkanda yerləşir. Bu səbəbdən Azərbaycanı bir sıra ölkələr və xarici kəşfiyyəat orqanları diqqətdə saxlayır".
Hacı Sabir deyib ki, indi baş verənlər yeni faktlar deyil: "Vəhhabilər Azərbaycana ötən əsrin 80-ci illərindən gəlməyə başlayıb. Onlar ölkənin müxtəlif bölgələrinə gedib adamlarla görüşür, cümə namazlarında iştirak edirdilər. Həmin şəxslər Orta Asiya ölkələrindən Şimali Qafqaza, oradan da Azərbaycanın müxtəlif rayonlarına daxil olurdular".
Onun sözlərinə görə, vəhhabilər Səudiyyə Ərəbistanı, Küveyt və digər ölkələrdən axışıb gələn missioner qrupların üzvləridir: "Belə qruplar burada fəaliyyət göstərməklə siyasi məqsədlərini də reallaşdırmaq istəyirlər. Amma son hadisələr sübut etdi ki, Azərbaycanda tolerantlıq olsa da, bundan istifadə edib dövlətin əleyhinə fəaliyyət göstərmək mümkün deyil".
Müzakirələr zamanı problemin həlli üçün müxtəlif təkliflər irəli sürüldü. Hacı Sabir Həsənli dindən yazan jurnalistlərin İslam Universitetində təcrübə keçməsi üçün hər cür şərait yaradılacağına söz verdi. Bu problemi nizamlamaq üçün "Aydın" Dini Mövzularda Yazan Jurnalistlər Cəmiyyəti yaradılıb. "Yeni Nəsil"in nəzdində fəaliyyət göstərəcək bu quruma "Gün-səhər" qəzetinin "İslam və müasir cəmiyyət" buraxılışının redaktoru, tanınmış jurnalist Qurban Yaquboğlu rəhbərlik edəcək.