Oxucu sual verir: “Amman Bəyannaməsi” nədir?
“Amman bəyannaməsi” islami vəhdət yolunda atılmış ən mühüm addımlardan biridir. 2004-cü ilin noyabrında (mübarək ramazan ayında) İordaniya kralı tərəfindən dünyanın ən nüfuzlu 24 ruhanisinə və dini qurumuna vəhdətlə bağlı suallar göndərildi. Verilmiş cavablar 2005-ci il 4-6 iyul tarixlərində Ammanda “Həqiqi İslam və onun müasir cəmiyyətdə rolu” devizi altında keçirilmiş beynəlxalq konfransda 50 ölkədən qatılmış 200-dən artıq nümayəndənin müzakirəsinə çıxarıldı, daha sonra İslam Konfransı Təşkilatının 2009-cu il Məkkə sammitində də elan edildi. Bir il ərzində 500-dən artıq nüfuzlu dini qurum, din alimi və siyasi xadim sənədi dəstəklədiyini bəyan etdi. Əl-Əzhər, Türkiyə, Nəcəf alimləri, Ciddədəki Beynəlxalq İslam Fiqhi Akademiyası və sair qurumlar tərəfindən imzalanmış fətvada deyilirdi: “Dörd sünni məzhəbindən (hənəfi, maliki, şafii və hənbəli) birinə, şiəliyin cəfəri və zeydi qollarına, eləcə də, ibaziyyə və zahiriyyə məzhəblərinə etiqad bəsləyən hər kəs müsəlman sayılır. Onu küfrdə ittiham etmək, həyatına, namusuna və əmlakına təcavüz etmək haramdır...”
Amman Bəyannaməsini imzalamış şəxslərin siyahısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Şeyxülislam A.Paşazadənin də adları vardır.