İsrail baş naziri Benyamin Netanyahu Knessetin seçkilərində partiyasının qalib gəlməsindən sonra bəzi ərəb və müsəlman dövlət başçılarının onu təbrik etdiyini bildirib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahu bunu rəhbərlik etdiyi "Likud" partiyasının qələbə münasibəti ilə təşkil edilən tədbirdəki çıxışı zamanı deyib.
“Bu həftə bir çox dünya dövlətləri başçılarından təbriklər aldım. Lakin mənə müsbət təsir edən əsasən bəzi ərəb və müsəlman dövlətləri başçılarından ünvanlanan təbriklər idi… Mən bir və ya iki lideri nəzərdə tutmuram. Mən çox sayda dövlət başçısından danışıram”, - deyə İsrail baş naziri maraqlı iddia irəli sürərərk, İsrailin gələcəyi üçün böyük qapıların açıldığını bildirib.
Qeyd edək ki, fələstinlilərin hüquqlarının tapdalanmasına, ABŞ tərəfindən Qüdsün statusunun dəyişməsinə və sülh danışıqlarının dayanmasına baxmayaraq, Benyamin Netanyahu ötən il Oman Sultanlığına rəsmi səfər edib və bəzi ərəb dövlətləri ilə danışıqları bərpa etmək və əlaqələri normallaşdırmaq istiqamətində siyasi və iqtisadi kanallar yarada bilib.