Oxucu sual verir: Duanın qəbul olması üçün nə etmək faydalıdır?
Əvvəla, halal olan istəklər üçün dua edilməlidir. İkincisi, dua edən şəxs halal-harama riayət etməli, yeməyinin halal olmasına xüsusi diqqət yetirməlidir. Duadan qabaq müstəhəb namaz qılmaq, həmin gün oruc tutmaq, dua edərkən öz günahlarını yada salıb tövbə etmək, Allahın böyüklüyünü təsəvvürə gətirmək və öz acizliyini anlamaq, dua zamanı səmimi olmaq faydalıdır. Duaya salavat və bismillahla başlamaq, salavat və həmdlə bitirmək, məsumlardan rəvayət edilən dualardan istifadə etmək, təkcə özü üçün yox, başqa möminlər üçün də dua etmək müstəhəbdir. Mübarək yerlərdə - ziyarətgah və məscidlərdə, valideynin məzarının üstündə dua etmək, cümə axşamı və cümə günü, sübh namazından sonra və ya gecə vaxtı, yağış yağarkən dua etmək də müstəhəbdir və bu cür dualar daha tez qəbul olar.