“WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.
C.Assanj 2012-ci ildən Ekvadorun Britaniyadakı səfirliyinə sığınmışdı.
Ekvador ona sığınacaq verməkdən imtina edib. Bundan sonra London polisi Ekvador səfirinin razılığı ilə səfirliyə daxil olub və “WikiLeaks”in qurucusunu tutub.
Qeyd edək ki, C.Assanj 2012-ci ilin iyulunda “Wikileaks”də ABŞ-ın 2,4 milyon məxfi sənədini dərc edib. Bundan sonra İsveç onu beynəlxalq axtarışa verib. Buna səbəb kimi C.Assanjın 2010-cu il avqustun 20-də İsveçdə bir qadına qarşı cinsi zorakılıq əməli törətməsi göstərilib.
2012-ci ilin iyulun 19-da o, Ekvadorun Londondakı səfirliyinə sığınaraq, bu Latın Amerikası ölkəsindən sığınacaq istəyib. Diplomatik toxunulmazlığa görə, Böyük Britaniya polisi Ekvadorun Londondakı səfirliyinə daxil ola və C.Assanjı həbs edə bilmirdi.