Əfqanıstan prezidenti Həmid Karzay ölkənin dini liderləri ilə görüşündə bəyan edib ki, onun hökuməti “Taliban” hərəkatı ilə sülh danışıqlarını davam etdirməkdən imtina edir.
APA-nın “BBC News”a istinadən xəbərinə görə, H.Karzay bildirib ki, buna səbəb ölkənin keçmiş prezidenti Bürhanəddin Rəbbaninin “Taliban” tərəfindən öldürülməsi olub.
Ali barışıq Şurasına rəhbərlik edən sabiq prezident sentyabrın 20-də Kabuldakı evində “Taliban” təmsilçiləri ilə görüş zamanı öldürülüb. Taliblərdən biri Rəbbaninin evinə partlayıcı qurğu keçirib və onu işə salıb.
H.Karzay taliblər arasında sülh danışıqları üçün tərəfdaş görmədiyini söyləyib: “Hardadır “Taliban”ın Şurası? Hardadır Molla Ömər? Özünü “Taliban”ın Şura üzvü kimi təqdim edən şəxs ölkənin sabiq prezidentini öldürür, amma onlar buna şərh vermək istəmirlər”.
Əfqanıstan prezidenti hazırkı vəziyyətdə sülh danışıqları üzrə yeganə tərəfdaş kimi Pakistanı qəbul etdiklərini bildirib.