Oxucu sual verir: Əti bişirməzdən qabaq doğrayıb yuyarkən ətdəki azacıq qan suya çıxır və su çəhrayı rəng alır. Həmin su murdardırmı və əti pak etmək lazımdırmı?
Şəriətimizə görə, qanı fışqıraraq çıxan heyvanların, o cümlədən, qoyun və inəyin qanı murdar sayılır. Bu qan hara dəysə, yuyulub pak edilməlidir. Lakin bəzi hallarda qanın murdarlığı nəzərə alınmır. Bu hallardan biri də odur ki, heyvan şəriətə uyğun olaraq kəsildikdən sonra bədənindəki qan normal şəkildə boğazından axıb tökülürsə, bundan sonra bədəndə qalan az miqdarda qan pak hesab edilir. O cümlədən, şəriətə uyuğn olaraq kəsildikdən sonra qanı normal şəkildə axıb tökülmüş heyvanın ətini doğrayanda, yuyanda çıxan azacıq qan murdar deyil və onu pak etməyə ehtiyac yoxdur. Eləcə də, həmin şərt daxilində ətdən kabab bişirəndə çıxan çəhrayı rəngli maye də murdar deyil.