Yəmən prezidenti Əli Abdulla Saleh ABŞ-ı xəbərdar edib ki, o istefa verərsə, yaxud hakimiyyətdən zorla uzaqlaşdırılarsa ölkədə hakimiyyəti "Əl-Qaidə" terror təşkilatı ələ keçirəcək. O, bu barədə ABŞ-ın "Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, prezident deyib: "Mən Amerika cəmiyyətinə müraciət edirəm. Soruşmaq istəyirəm, onlar yenə də "Əl-Qaidə" və "Taliban"a qarşı mübarizə aparmaq niyyətindədirlərmi? Hazırda ABŞ və beynəlxalq ictimaiyyət bizdən hakimiyyəti tərk etməyi tələb edir. Bizsə bilirik ki, hakimiyyəti təhvil versək, kimin əlinə keçəcək. Hakimiyyəti "Müsəlman-Qardaşları" təşkilatı ilə birbaşa əlaqəsi olan "Əl-Qaidə" ələ keçirəcək".
Xatırladaq ki, Yəməndə hökümət əleyhinə nümayişlər fevral ayının ortalarından etibarən keçirilməyə başlayıb. Nümayişçilər 30 il hakimiyyətdə olmuş Salehin istefa verməsini tələb edir. Ölkədə siyasi vəziyyətin gərginləşməsi "Əl-Qaidə"nın fəal dəstəklədiyi terrorçu qruplaşmaların paytaxt Sənada aktivləşməsinə səbəb olub.
Saleh bildirib ki, ABŞ ondan hakimiyyəti təhvil verməyi tələb etməklə, eyni zamanda, Yəmənə terrorçularla yardım vermiş olur: "Biz Abyan vilayətində "Əl-Qaidə" ilə mübarizəni ABŞ və Səudiyyə Ərəbistanı ilə razılaşdırırıq".