Oxucu sual verir: “Cameüs-səadat” və “Meracüs-səadət” kitabları nədən bəhs edir?
“Cameüs-səadat” miladi XVIII əsrdə yaşamış məşhur cəfəri alimi Molla Mehdi Nəraqinin qələmə aldığı əxlaq kitabının adıdır. Nəraqi həm də böyük müctəhid idi, öz zəmanəsində ona təqlid edilirdi. “Cameüs-səadat” kitabı ərəb dilində yazılmışdır. O, cəfəri alimləri tərəfindən qələmə alınmış ən yaxşı əxlaq kitablarından biri sayılır. Müəllifin oğlu Molla Əhməd Nəraqi atasının əsərlərini tərcümə və şərh etməklə, təkmilləşdirməklə məşğul olmuş, özü də qüdrətli müctəhid olmuşdur. Onun “Müstənədüş-şiə” kitabı fiqh mövzusunda ən samballı əsərlərdən sayılır. Molla Əhməd Nəraqi “Cameüs-səadat” kitabını təkmilləşdirərək fars dilinə tərcümə etmiş və “Meracüs-səadət” adlandırmışdır. Sadə və rəvan üslubda yazıldığına görə “Meracüs-səadət” kitabı cəfəri məzhəbli müsəlmanlar arasında çox tanınmışdır. Hər iki kitab digər əxlaq kitabları üçün baza rolunu oynamış, azərbaycan dilinə də tərcümə edilmişdir.