Oxucu sual verir: Bəziləri deyir ki, qadın evdən çıxanda ətir vurarsa, mələklər ona lənət oxuyar. Bu doğrudurmu?
Hər şeydən əvvəl bunu qeyd etməliyik ki, dini mətnlərimiz düzgün şəkildə şərh edilməli, onlardakı hökmlər müəyyən qaydalar çərçivəsində əsaslandırılmalıdır. Quran ayələri və hədisləri kontekstdən çıxararaq, şərtləri nəzərə almadan şərh etdikdə yanlış nəticələr əldə etmiş olarıq. Həqiqətən, bəzi hədislərimizdə buyurulur ki, ətirlənib evdən çıxan qadın evə qayıdana kimi mələklər ona lənət oxuyarlar. Amma bəziləri bu hədisləri yanlış olaraq mütləq mənada qəbul edirlər. Hədisdə naməhrəmlərə özünü göstərmək və naməhrəmlərə xoş gəlmək niyyəti ilə ətirlənmiş qadınlar nəzərdə tutulur. Dinimizdə naməhrəm qadın və kişi arasındakı münasibətlər ciddi şəkildə nizamlanır və qarşı cinsin nümayəndəsini hər hansı şəkildə təhrik etmək qadağan olunur. Əgər qadın günah niyyətlə ətirlənib evdən çıxarsa və naməhrəm kişiləri özünə cəlb etmək məqsədi daşıyarsa, mələklərin lənətinə tuş gələr. Təmizlik və səliqə naminə, ölçüsündə ətir səpmək isə günah deyil.