Oxucu sual verir: Həzrət Mühəmməd Peyğəmbər (s) neçə dəfə həcc ziyarətini yerinə yetirmişdir?
İslam şəriətində həcc hökmünün vacib olma tarixi barədə fikir ayrılıqları vardır. Əksər tədqiqatçılar hicrətin 6-cı ilində həcc hökmünün nazil olduğunu yazırlar. Həmin il Peyğəmbər (s) müsəlmanlarla birlikdə Məkkəyə həcc ziyarətinə yola düşsə də, müşriklər onları Məkkəyə girməyə qoymadılar və tərəflər arasında Hüdeybiyyə müqaviləsi imzalandı. Növbəti il Həzrət (s) ümrə qəzasını yerinə yetirdi. Bəzi alimlər isə həcc hökmünün hicri 10-cu ildə gəldiyini yazırlar. Çünki tarix kitablarında hicri 8-ci ildə Məkkənin fəthindən sonra müsəlmanların həccə getməsi barədə məlumat yoxdur. Tarixi mənbələrdən məlum olur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) ömrü boyu bir dəfə - hicri 10-cu ildə, vəfatından təxminən 3 ay əvvəl Məkkəyə həcc ziyarətinə getmişdir. 100 min nəfərdən artıq müsəlmanın müşayiəti ilə həyata keçmiş bu həcc ziyarətini “vida həcci” adlandırırlar. Çünki Peyğəmbər (s) tezliklə vəfat edəcəyini səfər boyunca bir neçə dəfə müsəlmanlara çatdırmış, onlara dinin hökmlərini xatırlatmış, sanki onlarla vidalaşmışdı.