Özünü ilahiyyatçı hesab edən birisi gecəsini gündüzünə qataraq Quranın müqəddəs olmadığını sübuta yetirmək üçün dəridən-qabıqdan çıxanda və buna bəziləri züy tutanda bu barədə xəbərdarlıq etmişdik: əsirlərin süzgəcindən keçib gələn dəyərlərimizə dil uzatmaq bir çox “qırmızı xəttləri” heç edəcək. Bu isə nə xalqımıza, nə mənəviyyatımıza, nə də dövlətimizə bir xeyir verəcək. Zaman göstərdi ki, qətiyyən yanılmamışıq.
Novruz xalqımızın ən qədim bayramlarından, ənənələrindən biridir. Düzdür, son illər bir dəstə peyda olub ki, bu bayrama qarşı Səlib yürüşü elan edib: guya Novruzu qeyd edənlər kafir, İslamdan çıxan, müsəlmançılıqdan bixəbərlərdir. Ancaq Allaha şükür olsun, əhalimizin böyük hissəsi belə cəfəng və sarsaq fikirləri dəstəkləmir və buna münasibətləri “it hürər, karvan keçər” prinsipi üzərində qurulub. Amma bəzən də əslində bu bayrama müxalif olmayan, lakin ucuz populizm qazanmaq istəyinin girdabına düşüb xar olanlar tapılır. ..
Bir neçə gün öncə Azərbaycanda Yel çərşənbəsi qeyd edildi. Novruz bayramı ərəfəsindəki 4 çərşənbə ənənəsi, bu ənənənin tarixi və mənası haqqında söz açmaq istəmirik: yəqin ki, çoxları bunu bilir, bilməyənlərin də mənbələrdən məlumat əldə etmək imkanı kifayət qədərdir. Düşünmək olardı ki, bu dərəcədə qədim dəyər haqqında yeni nə söyləmək olar? Özü də bu sahədə mütəxəssis, etnoqraf, tarixçi olmayan üçün? Amma son illər cəmiyyətdə brendə çevrilən kreativlik axtarışı, qatığa qara deyib gündəmə gəlmək ənənəsi bu dəfə də bir qrup insanın normal düşüncə tərzini alt-üst edib. Nəticədə də təqdim olunan “əsər” yaranıb:

Təbii ki, bunu ərsəyə gətirənlər başa düşürdülər: insanlar mütləq etiraz, özü də sərt etiraz edəcək. Başa düşməmək üçün ya gərək tam axmaq olasan, ya da Afrika cəngəlliklərindən ilk dəfə Azərbaycana təşrif buyurasan. Belə “kreativliyə” xalq adətən birmənalı yanaşır. Amma cəmiyyətdə artan xəttlə cərəyan edən populyarlıq, diqqət mərkəzində qalmaq istəyi bu məqsədə aparan yolda hər şeyi məqbul edir, hətta ən ağır təhqirlərə, söyüşlərə tuş gəlməyi belə. Niyə də yox? Axı müqəddəs, dəyərli heç nə qalmayıb bu firqə üçün. Nə vətən, nə Quran, nə tarix, nə valideyn... Elə özünü cəmiyyətə “psixoloq” kimi sırıyan, Milli qəhrəmanımız Mübariz İbrahimovun ruhunu, əziz xatirəsini təhqir edən insan bu tendensiyanın bariz nümunəsi deyilmi?..
Sonda isə iki ritorik sual vermək istərdik. Maraqlıdır, ucuz populizm, “qara kreativlik” ardınca qaçanlar nə vaxtsa özlərinə kənardan baxıb nə qədər gülünc, axmaq, bambılı olduqlarını anlayacaqlarmı? Və görəsən bu axmaqlıqlarına onlara göz açmağa yardım edəcək bir qüvvə tapılacaqmı?