Oxucu sual verir: Bığları uzatmaq dinimizdə necə dəyərləndirilir?
İslam şəriətinə görə, bığları uzun saxlamaq bəyənilmir. Hətta bəzi hədislərdə uzun bığ şeytanın yuvasına bənzədilir. Ümumiyyətlə, İslamda üzün tükünü dibindən qırxmaq ehtiyata görə haramdır. Bığları da dibindən qırxmaq olmaz, amma qısaltmaq lazımdır. Saqqalı qısaldıb, bığları uzatmaq qeyri-müsəlman xalqlara xasdır. İslamda isə, əksinə, bığları qısaldıb, saqqalı bundan uzun saxlamaq (bir ovuc enindən uzun olmamaq şərti ilə) bəyənilir. Bığları qısaltmaq hökmü ilk növbədə gigiyenik qaydalara əsaslanır. Çünki yemək yeyərkən uzun bığın tükləri yeməyə və içəcəyə bulaşır, mikrob mənbəyinə çevrilir. Növbəti dəfə həmin tüklər yeməyə və suya toxunanda mikroblar qidanın içinə keçir. Böyük alimlərimizin də fotolarına diqqət yetirsək görərik ki, onlar adətən, dodaqlarının üstündən aşağı düşməyəcək uzunluqda bığ saxlayırlar.