Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakarın APA-ya müsahibəsi
Cənab səfir, Azərbaycanla Pakistan arasında münasibətləri neçə qiymətləndirirsiniz? İki dövlət arasında siyasi və iqtisadi əlaqələrin inkişafı Sizi nə dərəcədə qane edir?
- Azərbaycan və Pakistan ortaq dəyər, mədəniyyət və baxışlarla səciyyələnən kifayət qədər yaxın və isti münasibətlərə malik dövlətlərdir. Ölkələrimizin rəhbərlikləri önəmli regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir. Bizim iqtisadi əlaqələrimiz, ən yaxşı halda normal qiymətləndirilə bilər və biz bu münasibətləri daha yüksək səviyyəyə çıxarmaq niyyətindəyik. Bu, hər iki xalq üçün faydalı olacaq.
- Neçə düşünürsünüz, iqtisadi əlaqələrimizi canlandırmaq üçün nə edilməlidir? Əsas maneələr nədən ibarətdir?
- Təəssüf ki, bizim ikitərəfli siyasi əlaqələrimiz iqtisadi əlaqələrin inkişafına təkan verməyib. Bunun bir neçə səbəbi var. Ən ciddi səbəblərdən biri ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsidir. Bundan savayı ölkələrimizin sahibkarları ticarət sahəsində mövcud olan real imkanlarla tanış deyillər. Biz indi bu halı dəyişmək istəyirik. Azərbaycanın ümumi iqtisadi iqlimi sahibkarlığa yaxşı şərait yaradır. Eyni zamanda ikitərəfli ticarətə mane olan müəyyən qaydalar da var. Məsələn, 50 min manatlıq bank hesabı barədə qanunvericilik şərti, digər MDB ölkələri ilə müqayisədə gömrük rüsumunun yüksək olması və s. Biz bütün bu məqamları müzakirə edir və ümid edirik ki, bu il Bakıda baş tutacaq ikitərəfli iqtisadi komissiyanın iclasında bu məsələlərə çözüm tapılacaq. Eyni zamanda Pakistan gələn ay Karaçidə keçiləcək EXPO Pakistan sərgisində iştirak etmək üçün Azərbaycan tərəfinə dəvət göndərib. Bu sərgi Pakistanın bütün sahələrdəki ixrac potensialı ilə tanış olmaq baxımından Azərbaycanlı sahibkarlar üçün yaxşı fürsətdir.
- Bu il qarşılıqlı rəsmi səfərlər gözlənilirmi?
- Münasibətlərimizin yüksək səviyyədə olduğu nəzərə alarsaq, hər zaman ali siyasi səviyyədə səfər gözləməyə dəyər. Amma hal-hazırda bu səfərlərin tarixi müəyyən edilməyib.
- Azərbaycanla Pakistan arasında hərbi əlaqələr iki dövləti yaxınlaşdıran mühüm sahədir. Bu sahədə hər-hansı yeni plan və proqram varmı?
- Hərbi sahədə Azərbaycan və Pakistan yaxın münasibətlərə malikdirlər. 118 azərbaycanlı zabit Pakistanın aparıcı hərbi təhsil ocaqlarında təhsil alıb. Bundan savayı müdafiə sahəsində əməkdaşlığı genişləndirmək üçün indi biz bir sıra imkanları nəzərdən keçiririk.
- Azərbaycan və Pakistan beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Azərbaycan özünün ən ciddi problemi olan Qarabağ məsələsini həllində Pakistanın dəstəyinə arxalanmaqda davam edə bilərmi?
- İstər ikitərəfli münasibətlərdə, istər beynəlxalq qurumlar çərçivəsində Azərbaycan və Pakistan bir-birinə həmişə dəstək olublar. Biz ümid edirik ki, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu gələcəkdə də davam edəcək.