“Mərhum Camal Kaşıkçı Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürüldükdən və cəsədi doğrandıqdan sonra konsul Məhəmməd əl-Uteybinin evinə aparılıb və həyətdə yenicə tikilib başa çatan təndirdə yandırılıb.”
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Əlcəzirə telekanalı Kaşıkçının öldürülməsindən sonra onun cəsədinin taleyi haqda araşdırma apardığını bildirib.
Ötən gün telekanalın “Ma Xəfiyə Əzəm” (daha dəhşətlisi gizli qalanlardır) adlı verlişində sözügedən araşdırmanın nəticələri açıqlanıb.
Bildirilib ki, mərhumun cəsədi konsulluqda doğrandıqdan sonra konsulun bağ evinin həyətindəki təndirdə yandırılıb.
Əlcəzirə telekanalı həmin təndiri düzəldən şəxslərlə əlaqə saxlayıb. Onlar bildiriblər ki, Kaşıkçının yoxa çıxmasından bir neçə ay öncə təndirin tikilməsi ilə bağlı onlara maraqlı sifariş gəlib və onlar qeyri adi sifarişlə üzləşiblər. Bildirilib ki, təəccüblü olan məqam təndirin belə bir evlər üçün normadan böyük olması və həddindən artıq dərin olması idi. Əlavə edilib ki, O təndirin divarları burada 1000 dərəcə istiliyin yaradılmasına imkan verirdi.
Araşdırmalara görə daha maraqlı məqam isə Kaşıkçının öldürülməsindən bir neçə gün öncə Səudiyyə konsulunun 45 kq ət sifariş etməsi olub.
Əlcəzirənin araşdırmalarına görə, Türkiyənin apardığı araşdırmalar cəsədin bu təndirdə yandırıldığından xəbər verir.
Araşdırmada əlavə edilib ki, Kaşıkçı itəndən sonra Türkiyə Kəşfiyyat İdarəsinin sədri Hakan Fidan Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla birbaşa əlaqə saxlayıb və Kaşıkçının yerinin deyilməsini istəyib. Lakin vəliəhd bu tələbi “qəbuledilməz təhdid” hesab edib.
Qeyd edək ki, rəsmi ər-Riyada qarşı müxalif mövqedə olan tanınmış jurnalist və İxvanul-Muslimin meyilli jurnalist Camal Kaşıkçı sonuncu dəfə ötən ilin otyabr ayının ikisində Səudiyyənin İstanbuldakı konsulluğuna girib və bir daha oradan çıxmayıb. Səudiyyə Ərəbistanı Prokurorluğu jurnalistin burada öldürüldüyü, cəsədin doğrandığını bildirib və bu məsələdə bir neçə kəşfiyyatçını həbs etdiyini bildirib.