Oxucu sual verir: Ölü üçün cənazə namazı qılınmayıbsa, buna imkan olmayıbsa, dəfndən sonra kimsə ona cənazə namazı qıla bilərmi?
Cənazə namazı dünyasını dəyişmiş müsəlman üçün yerinə yetirilməli olan vacib dini ayinlərdən biridir. Cənazə namazı qılınmadan müsəlman şəxsi dəfn etmək olmaz. Bu namaz meyitə qüsl verilib kəfənə tutulduqdan sonra, dəfndən əvvəl qılınır. Ənənə üzrə, ya cənazəni dəfn etmək üçün aparmazdan əvvəl evdə, ya da dəfndən qabaq qəbristanlıqda cənazə namazını qılırlar. Cənazə namazı bilavasitə meyitin qarşısında qılınmalıdır. Hətta şəriətə görə, meyitlə namaz qılanlar arasında çox məsafə olmamalıdır. Əgər hər hansı səbəb üzündən – məsələn, cənazə namazı qıla bilən bir şəxs tapılmasa, yaxud cənazə namazı qılmaq yaddan çıxsa – və meyyit dəfn olunsa, yaxud dəfndən sonra cənazə namazının batil şəkildə qılındığı məlum olsa, bu halda dəfndən sonrakı bir neçə gün ərzində (meyit çürüməzdən əvvəl) qəbirin qarşısında da cənazə namazını qılmaq olar. Şərtlərdən göründüyü kimi, bu, ən zəruri hallarda icazəlidir.