Oxucu sual verir: Ovda quşu güllə ilə vurduqdan sonra yaralansa, amma ölməsə, ətinin halal olması üçün nə etmək lazımdır?
Şəriətimiz baxımından yırtıcı (ət yeyən) quşların (qartal, şahin, kərkəs kimi), eləcə də, uçan zaman az qanad çalıb çox süzən quşların əti haram sayılır. Quşları tüfəng, ox kimi silahlarla, ov iti və ov quşu ilə ovlamaq icazəlidir. Əgər quş güllə yarasından xəsarət alıb yerə düşsə və ovçu onun yanına çatarkən hələ diri olsa, gərək ətinin halal olması üçün başını kəssin. Əgər qəsdən başını kəsməsə və quş ölsə, əti murdar olar. Eləcə də, ov quşu (şahin) və ya ov iti quşu qovlayıb tutsalar, ovçu o yerə çatanda quş diridirsə, gərək dərhal başını kəssin. Əlbəttə, ovçu həmin yerə çatdıqdan sonra normal halda quşun başını kəsəcək qədər vaxtı olmasa, bu halda da quş ölsə, əti halal sayılar. Lakin əgər ovçu səhlənkarlıq edib quşun başını kəsməsə, əti murdar olar.