Oxucu sual verir: Bir şəxs eyni malı onlayn mağazada fərqli qiymətlərlə iki dəfə yerləşdirir. Müştəri həmin malı fərqli qiymətlərlə alır və ödəniş edirsə, bu cür ticarət halaldırmı?
Satıcının öz malına istədiyi qiyməti qoyması icazəlidir. Satıcı eyni növdən olan iki əşyanı fərqli qiymətlərlə sata bilər. Əgər alıcı eyni malın iki fərqli elanını görərək, hərəsi üçün ayrılıqda ödəniş etmişsə, bunun maneçiliyi yoxdur. Bu halda, satıcı alıcının ödəniş etdiyi malları ona təhvil verməlidir. Amma əgər mal cəmi bir ədəd qalıbsa və alıcı fərqli elanları müxtəlif mallar üçün zənn edərək, bir neçə dəfə fərqli məbləğlərdə ödəniş edibsə, bu halda bir mal üçün ödəniş ondan qəbul edilməli, artıq məbləğ isə geri qaytarılmalıdır. Bu halda qiymətin miqdarı alıcı və satıcı tərəfindən qarşılıqlı razılaşma ilə təyin edilir.