Oxucu sual verir: İmam Əlinin (ə) onu Allah sayanları tonqala atıb yandırdığı barədə rəvayətlər düzgündürmü?
Bir şəxs nə qədər böyük günah etsə də, onu diri-diri yandırmaq günahdır, həddi aşmaqdır. İslamda insanı diri-diri yandırmaq kimi bir cəza növü yoxdur. Quranda “Büruc” surəsində insanları diri-diri yandıranlar məzəmmət edilir. İmam Əlinin (ə) guya onu tanrılaşdıran və Allah sayan şəxsləri (əliallahiləri) xəndəyin içinə atıb yandırması barədə rəvayətlər həqiqətdən uzaqdır. Bu kimi rəvayətlər din alimləri tərəfindən mötəbər sayılmır. Bəzi məlumatlara görə isə, İmam Əli (ə) onları xəndəyin içində saxlayıb, yanlarında tonqal qalatdırmış və tüstünün iyi ilə nəfəs almağa məcbur etmişdi. Bu, həmin şəxsləri tövbəyə məcbur etmək üçün atılmış addım idi. Bu məlumatların özünün də nə qədər həqiqətə uyğun olması sübuta yetməyib.