Oxucu sual verir: Həzrət Məhəmməd Peyğəmbərin (s) hansı səhabəsi uzun ömür yaşamış, hətta o həzrətin salamını beşinci imam Məhəmməd Baqirə (ə) çatdırmışdı?
Bu səhabə Cabir ibn Abdullah Ənsari olmuşdur. Cabir Yəsribin Xəzrəc qəbiləsinə mənsub idi. O, ikinci Əqəbə beyətində atası ilə birlikdə Məkkəyə gəlmiş və Peyğəmbərlə (s) beyət etmişdi. Atası Abdullah Ühüd savaşında şəhid olmuşdu. Cabir ən savadlı səhabələrdən sayılırdı, Həzrət Mühəmməd Peyğəmbərdən (s) xeyli hədis rəvayət etmişdi. O, Əhli-beytin sadiq tərəfdarlarından idi, İmam Əlinin (ə) tərəfində Siffeyn savaşında iştirak etmişdi. İmam Hüseynin (ə) şəhadətindən sonra ilk ərbəin günündə Kərbəlanı ziyarət edən birinci səhabə də Cabir olub. Cabir Həzrət Mühəmməd Peyğəmbərin (s) salamını beşinci imam Məhəmməd Baqirə (ə) çatdırmış, 697-ci ildə 94 yaşında Mədinədə vəfat etmişdir.