Oxucu sual verir: “Allah göydən hər şeyi görür” kimi ifadələr işlətmək günahdırmı?
İslam əqidəsinə görə, Allahın məkanı yoxdur, Allah hər yerdədir və eyni zamanda konkret olaraq heç yerə sığışmaz. Allah məkanı yaratmışdır və onu Öz hökmündə saxlayır. Allah-Taalanın ölçüləri olmadığı üçün, Onun məkanda olduğunu söyləmək yanlışdır. Kimsə bunu bilərəkdən və qəsdən düşünərək Allaha məkan nisbət verirsə, günah edir. Lakin insanların çoxusu “Allah göydən baxır, Allah yuxarıdan hər şeyi görür” kimi ifadələri ya dini məlumatsızlıq, ya da ənənə üzündən söyləyir. Çünki insanların nəzərində fiziki olaraq yuxarı anlayışı ucalığı və hakimiyyəti təmsil edir. İnsanlar ali, güclü, hörmətli varlığı yuxarıda təsəvvür edirlər. Dua zamanı da əllərimizi səmaya doğru qaldırırıq. Hədislərdə duanın səmaya yüksələrək, oradan Allahın dərgahına yetdiyi buyurulur. Buna görə də, Allahı yuxarıda təsəvvür edən şəxslərin sözü günah kimi qəbul edilməz. Amma yaxşı olar ki, bu şəxslər dini cəhətdən maariflənsinlər və Allah barədə daha düzgün təsəvvür əldə etsinlər.