Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun “psixoloq” tərəfindən təhqir olunmasından sonra yaranan qəzəb dalğası hələ səngiməmiş, Mübarizin ruhunun bir başqa cür təhqir edilməsi gündəmə gəlib.
İslam.az xəbər verir ki, 5-ci sinif üçün nəzərdə tutulan “Ədəbiyyat” kitabında, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Qisas" adlı hekayənin sonunda Mübarizin... intihar etdiyi yazılıb!
Müəllif bu “faktı” haradan əldə edib? Axı Mübarizin konkret olaraq bədəninin hansı hissələrindən aldığı güllə yarasından dünyasını dəyişdiyi hamıya bəllidir, buna dair hətta fotoşəkillər də yayılmışdı. Necə oldu, indi intihar məsələsi ortaya atıldı? Biz anlayırıq: sözügedən “kəşfi” Təhsil Nazirliyinin rəhbər strukturları görməyə də bilər. Amma axı konkret bu dərsliyin hazırlanmasına cavabdeh şəxslər var, onlar hara baxırdılar? Əgər belə bir “ixtira” varsa, o zaman nə üçün məhz 5-ci sinif şagirdlərinə bunu bəyan etmək qərarına gəliblər?
Əlbəttə ki, heç kim səhvlərdən sığortalanmayıb. Ancaq elə şeylər, elə dəyərlər var ki, onlara çox həssas yanaşmalı, istənilən mümkün səhvi istisna etmək lazımdır. Əks halda qeyd etdiyimiz biabırçı hallar meydana gəlməyə davam edəcək.
