Türkiyədə yerləşdiriləcək NATO erkən xəbərdarlıq radarı ilə bağlı Baş nazir Ərdoğan İrana zəmanət verib

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyası iclaslarında iştirak etmək üçün getdiyi Nyu-Yorkda məşhur jurnalist Fərid Zəkəriyyənin suallarını cavablandırıb. Müsahibə CNN televiziya kanalının ''GPS''proqramında yayımlanıb.
"Türkiyədə qurulacaq NATO erkən xəbərdarlıq radarı İranı narahat edir, Türkiyənin yaxşı münasibətlər qurmasına baxmayaraq, nüvə proqramını davam etdirən İranı necə qiymətləndirirsiniz" sualına cavabında R.T.Ərdoğan deyib: ''Bu iki məsələni bir-birinə qarışdırmayaq. Birincisi, Türkiyədə qurulması planlaşdırılan radar NATO layihəsidir. Hər hansı bir ölkənin adı bu müqavilədə göstərilmir. Türkiyə öz torpaqları üzərində atılan hər hansı addıma özü qərar verəcək və buna da özü qərar verib. Amma açıq deyirəm, Türkiyə hər hansı bir hücuma məruz qalmadığı müddətdə biz heç vaxt torpaqlarımızdan İrana qarşı hər hansı hücuma icazə vermərik”.
Türkiyənin Baş naziri İranın nüvə proqramı ilə bağlı söyləyib: ''İrana bu qadağanı qoyan ölkələr bunu İsrailə niyə qadağan etmir? İsraildə atom var, nüvə silahı var, niyə ona qadağan edilmir? Guya ona görə ki, İsrail mühasirə altındadır. İsraildən başqa, bölgədə kimdə nüvə silahlı var? Biz gümanlara əsaslanaraq ölkələrə sanksiya tətbiq edilməsini doğru addım saymırıq”. /SalamNews/