Külli miqdarda vəsait sərf olunacaq məscid martda təhvil veriləcək
Hazırda təmir işləri aparılan Təzə Pir məscidinin günbəzi qızıldan olacaq. Bu barədə telekanalların hazırladığı reportajda qeyd olunur. Faktı məscidin tikintisinə rəhbərlik edən memar Ədalət Məmmədov da təsdiqlədi. Onun sözlərinə görə, Təzə Pir məscidinin damının müəyyən hissələri qızıl örtüklərlə örtüləcək. Bunun üçün nə qədər qızıldan istifadə olunacağını o, dəqiq deməsə də, bunun külli miqdarda olacağını bildirdi. Məscidin təmiri və bahalı örtüyü dövlət hesabına alınıb.
Memarın sözlərinə görə, Təzə Pir məscidi gələn ilin martında təhvil veriləcək. Qeyd etmək lazımdır ki, məscid və ibadət ocaqlarında qızıl və digər bahalı metallardan hazırlanmış əşyaların olması faktı hələ qədimdən mövcuddur. Avropada, eləcə də Rusiya və Ukraynada mərkəzi kilsələrin damı qızıldandır. Qeyd edək ki, Azərbaycanda "Soltanəli" məscidinin damı bir neçə il əvvəldən qızıl örtüklə örtülüb.