Oxucu sual verir: Ən düzgün hədisləri haradan əldə etmək olar? Tamamilə düzgün hədislərdən ibarət kitab varmı?
Məlum olduğu kimi, məsumlardan rəvayət edilən hədislərin bir qismi düzgün (səhih), bir qismi də qeyri-düzgün (zəif) sayılır. Hədislərin etibarlılıq dərəcəsinə görə çoxlu növləri vardır ki, onların şəriətdəki hökmləri də fərqlidir. Yalnız düzgün hədislərdən ibarət klassik mənbə tapmaq çətindir. Bəzi kitabların adında “səhih” sözünün olması da içindəki bütün hədislərin səhih olmasına dəlalət etməz. Çünki hər bir alimin hədislərin mötəbərliyi barədə görüşləri fərdidir. Fərqli məzhəb alimlərinin, hətta eyni məzhəb daxilində iki alimin bu mövzuda görüşləri bir-birinə əks ola bilər. Klassik kitablarımızdakı hədislərin bir qismi düzgün olsa da, həmin kitablarda zəif və hətta qondarma (uydurulmuş) hədislərə də rast gəlmək olur. Buna görə də düzgün hədisi qeyri-düzgün hədisdən seçmək üçün müəyyən bilik sahibi olmaq, ya da dini cəhətdən savadlı şəxslərə müraciət etmək lazımdır.