“2010-cu ildə Azərbaycan ilə İsrail arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dolları aşıb. Bu, Azərbaycanın Türkiyə ilə əmtəə dövriyyəsinin miqdarından iki dəfə çoxdur”.
APA-nın məlumatına görə, bu haqda məlumatı İsrailin nüfuzlu “Ynetnews.com” xəbər saytı yayıb.
Rəsmi Ankaranın Azərbaycandan İsraillə əlaqələrinə yenidən baxmağı istədiyini xatırladan İsrail nəşri bildirir ki, İsrail Bakı-Tiflis borusu ilə özünün neft tələbatının 10-20 faizini ödəyir. “İsrail habelə Azərbaycanı müasir hərbi texnologiyalarla təchiz edir və Azərbaycan ordusunun təliminə yardım edir. İki dövlət arasında əməkdaşlıq çərçivəsində İsrailin “Elbit Systems” hərbi texnologiya istehsalçısı sabiq sovet respublikasında ofis açaraq pilotsuz təyyarələr istehsal edəcək müştərək müəssisənin təsis edilməsinə hazırlaşır”. “Ynetnews.com” xəbər saytının qənaətinə görə, Azərbaycan İsrailin təhlükəsizlik və xarici siyasət sahəsi üçün mühüm strateji rol əldə edib. Nəşr rəsmi Bakının Türkiyə ilə İsrail arasında gərginliyin yaxın zamanlarda başa çatacağına ümid etdiyini də yazır.