Oxucu sual verir: Qadın namazı qılıb bitirdikdən sonra görür ki, saçının bir neçə teli yaylığın altından görünürmüş. Bu halda qıldığı namaz düzgün sayılırmı?
Namazda qadının riayət etməli olduğu vacib şərtlərdən biri də hicaba tam riayət etməkdir. Namaz zamanı qadının sifəti, biləkdən aşağı əlləri və topuqdan aşağı ayaqları istisna olmaqla bədəninin heç bir hissəsi açıqda qala bilməz – istər onu görən olsun, istərsə də olmasın. Qadının namaz zamanı saçının bir tükünü də qəsdən açıqda saxlaması günahdır; bunu qəsdən etmək namazı batil edər. Amma namazı qılıb qurtardıqdan sonra qadın anlasa ki, namaz zamanı bədəninin hər hansı üzvü, o cümlədən saçı görünürmüş və onun bundan xəbəri yox imiş, - bu halda qıldığı namaz düz hökmündədir və onu qəza etməyə ehtiyac yoxdur. Bu şərtlə ki, qadın bədənini örtmək hökmünə laqeyd olmamalı və namazdan əvvəl tam örtünməkdə səhlənkarlığa yol verməməlidir. Əgər namaza başlayarkən tam örtülü olduğuna əmin olmuşsa, amma namaz əsnasında özü də bilmədən hicabı pozulmuşsa, bu halda üzürlü sayılır və qıldığı namaz düzgündür, inşallah.