Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Qazılar Şurasının üzvləri və idarənin yerlərdəki səlahiyyətli nümayəndələrinin birgə toplantısı keçirilib.
Qurumun mətbuat xidmətindənverilən məlumata görə, toplantıda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri də iştirak edib.
Tədbirdə qurumların il ərzindəki fəaliyyəti və onların nəticələri müzakirə edilib.
Xüsusi vurğulanıb ki, il ərzində çap olunan moizələr kitabı, hər iki məzhəbə aid vahid təqvimin hazırlanması və ona riayət edilməsi istiqamətində birgə tədbirlər, bölgələrdəki qazilərə QMİ tərəfindən kompüterlərin paylanması, moizələrin mütəmadi şəkildə elektron poçt vasitəsilə onlara çatdırılması və digər bu kimi işlər təqdirəlayiqdir və bu yöndə fəaliyyət davam etdirilməlidir.
Toplantıda cəmiyyəti narahat edən bir sıra məsələlərə münasibət bildirilib. Bu xüsusda, erkən nikahlarla bağlı məsələ gündəmə çıxarılıb. Azyaşlı qızların ailə qurması kimi hallarla bağlı din xadimləri xüsusi vurğulayıblar ki, bu məsələyə dair Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli fitvası var. Fitvada deyilir ki, dini nikah mərasimi rəsmi dövlət qeydiyyatı idarələrində rəsmən qeydiyyat aparıldıqdan sonra icra edilə bilər.
Bu, o deməkdir ki, QMİ-nin rəsmi din xadimləri tərəfindən yalnız dövlət tərəfindən qeydə alınmış nikah üçün dini nikah oxuna bilər. Bu qaydaya riayət etməyən QMİ rəsmi din xadimlərinə münasibətdə müvafiq cəza tədbirləri görüləcək.