Oxucu sual verir: Bəzi dini kitablarda məsələn, “besətdən 5 il əvvəl” və ya “besətdən 3 il sonra” yazılıb. Bu tarix nəyi bildirir?
Ərəb dilində “besət” göndərilmək mənasını verir. Dini anlamda və Quran lüğətində bu söz peyğəmbərlərin Allah tərəfindən qövmlərə göndərilməsi mənasında işlədilib. Həzrət Muhəmmədin (s) bəşəriyyətə peyğəmbər təyin edilməsini də “besət” adlandırırlar (bu ifadə “məbəs” şəklində də işlədilir). O həzrətin peyğəmbərliyə təyin edilməsi miladi təqvimlə 610-cu ildə, 40 yaşında ikən baş vermişdir. Dini ədəbiyyatda Həzrət Muhəmmədin (s) peyğəmbərliyə təyin edilməsindən əvvəlki tarix “besətdən əvvəl” şəklində hesablanır. Məsələn, besətdən 5 il əvvəl təqribən 605-ci ilə uyğundur. 610-cu il ilə hicrət (622-ci il) arasındakı dövrü bəzən “besətdən sonra”, bəzən isə “hicrətdən əvvəl” formasında qeyd edirlər. Hicrətdən, yəni 622-ci ildən sonra baş vermiş hadisələr isə “hicrətdən sonra” şəklində hesablanır.