Qərb ölkələrinin nümayəndələri Mahmud Əhmədinejada qulaq asmaq istəmədi və onlar salonu tərk etdilər
İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edib. Çıxışına dünyanın müxtəlif yerlərində yayılan infeksion xəstəliklərdən ölən insanların yaxınlarına baş sağlığı verərək başlayan Əhmədinejad, insanların digər varlıqlardan üstün olduğunu söyləyib. İnsanların bugünkü sosial vəziyyətinin İslam Peyğəmbərinin (s) gətirdiyi ilahi mesaja uyğun gəlmədiyini deyən İran lideri, Peyğəmbərin (s) mesajının materialist dəyərlərlə dəyişdirildiyini söyləyib. Əhmədinejad dünyadakı ədalətsizlikdən danışarkən qeyd edib ki, Yer kürəsinin 40 faiz sərvəti 5 faiz əhali arasında bölüşdürülür, 20 faiz sərvəti isə 75 faiz əhali arasında bölüşdürülür.
Müstəmləkəçilik və köləliyi, İkinci Dünya Müharibəsini, Koreya və Vyetnam müharibələrini kimlərin başlatdığını, totalitar hərbi rejimləri kimlərin dəstəklədiyini, atom bombasını tarixdə ilk dəfə kimin istifadə etdiyini, İraqın İrana hücumunu və 8 il davam edən müharibəni kimin dəstəklədiyini iclasdakılardan soruşan Əhmədinejad ABŞ və müttəfiqlərini tənqid edib. O, ABŞ və müttəfiqlərini bütün dünyada müharibələr salmaqda, narkotik ticarətində, kütləvi qətllərdə, başqa xalqları əsarət altına almaqda, eləcə də maliyyə böhranını təşkil etməkdə günahlandırıb.
Əhmədinejad çıxışı zamanı Nyu-York şəhərində 2001-ci ildə baş vermiş məlum terror aktlarına toxunub. O, bu hücumların İraq və Əfqanıstanın işğalı üçün bəhanə olduğunu bildirib.
Mahmud Əhmədinejadın sözlərinə görə, özündən razı Qərb fövqəldövlətləri Holokostu və ABŞ-a 11 sentyabr hücumlarını inkar edənlərin hamısını təhdid edirlər. İran prezidenti bir daha bəyan edib ki, Holokost 60 ildir sionizmə bəraət qazandırılmasına xidmət edir.
Çıxışının sonunda Əhmədinejad yaxın zamanlarda müsəlmanların 12-ci İmamı Həzrət Mehdi (ə.f) ilə İsa peyğəmbərin (ə) zühur edəcəyini və dünyanı ədalətsizlikdən xilas edəcəyini deyib.deyerler.org