Oxucu sual verir: Xəstəlik üzündən sidiyini saxlaya bilməyən adam namazı necə qılsın?
Namaz zamanı insanın bədəni və libası tamamilə pak olmalıdır. Bədənində və ya libasında zərrə qədər sidik olduğu halda qəsdən qılınan namaz batildir. Lakin dinimiz xəstə insanlar üçün müəyyən güzəştlər nəzərdə tutub. Sidiyini heç cür saxlaya bilməyən adam özünü pak etməli, sidiyin bədənə keçməsinin qarşısını almaq üçün dəsmal və bu kimi vasitədən istifadə etməlidir. Bundan sonra dərhal dəstəmaz almalı və dəstəmazdan sonra vaxtı keçirmədən dərhal namaza durmalıdır. Namazı yalnız vacibatları yerinə yetirmək şərti ilə qılmalıdır, yəni müstəhəb olan əməlləri etməməlidir. Bu, hər namaz üçün ayrı-ayrılıqda yerinə yetirilir. Məsələn, günorta vaxtı həm zöhr, həm də əsr namazı üçün ayrı-ayrılıqda bunları etmək lazımdır.