Oxucu sual verir: “Nur” surəsinin 61-ci ayəsində 11 təbəqədən olan şəxslərin evində yemək yeməyə icazə verilir. Məgər bundan başqa evlərdə yemək olmazmı?
Sözükeçən ayədə buyurulur ki, mömin şəxsin öz evində, atasının, anasının, qardaşının, bacısının, əmi, dayı, xala və bibisinin, dostunun evində, həmçinin, açarı (yəni ixtiyarı) onda olan evlərdə yemək yeməsi iazəlidir. Bu ayədə həmin evlərdə ev sahibindən xüsusi icazə almadan, bir növ ərk edərək yemək nəzərdə tutulur. İnsan başqa şəxslərin evində xüsusi olaraq icazə aldıqdan sonra yeməyə əl uzada bilər. Amma yuxarıda adı çəkilən evlərdə onun yeməsinə ev sahibinin ürəkdən razı olduğunu bilirsə, icazə almağa ehtiyac yoxdur. Əlbəttə, burada israfa yol verməmək, ev sahibinin kənara qoyduğu ərzağa əl vurmamaq və ümumi istifadə üçün ayırdığı yeməklə kifayətlənmək şərtdir. Əgər insan dəqiq bilirsə ki, ev sahibi onun evində yeməsinə ürəkdən razı deyil, bu halda yemək qəsb sayılır. Qeyd edək ki, ayəyə fərqli izahlar da verilmişdir, təfsir kitablarında bu izahlarla tanış olmaq mümkündür.