Oxucu sual verir: Əhməd əl-Həsən kimdir? Onun tərəfdarları düz yoldadırlarmı?
1968-ci ildə Bəsrədə anadan olmuş, Bəsrə İniversitetini bitirmiş, daha sonra Nəcəf dini elmlər mərkəzində təhsil almış Əhməd əl-Həsən özünü şiə rəvayətlərinə görə, İmam Mehdinin (ə) ən məşhur silahdaşlarından biri olacaq Seyid Əhməd Yəmani elan etmişdir. Hətta iddia edir ki, o, qeybdə olan İmam Mehdinin (ə) beşinci nəsildən övladıdır. İddia edir ki, İmam Mehdi (ə) zühur etdikdən sonra bir müddət hakimiyyət sürəcək, sonra şəhid ediləcək, şəhid edilməzdən əvvəl dini və dünyəvi hakimiyyəti ona (Yəmaniyə) verəcək. Guya İmam Mehdidən (ə) sonra daha 12 mehdi gələcək ki, bunların birincisi Yəmanidir.
Əhməd əl-Həsənin təşkil etdiyi “Ənsar əl-Hüseyn” (Hüseynin köməkçiləri) adlı silahlı dəstə bir neçə il bundan əvvəl İraqın hökumət qüvvələrinə hücumlar etmiş, nəticədə onlarla insan həlak olmuşdu. Əhməd əl-Həsənin tərəfdarları müxtəlif ölkələrdə gizli və ya açıq şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda da belə şəxslər mövcuddur.
Əhməd əl-Həsəni öz iddiasını sübuta yetirə bilməmiş və şiə aləmində ciddi dəstək qazanmamışdır. Əksinə, böyük cəfəri alimləri bu kimi şəxslərin yalançı provakator olduqları barədə bəyanatlar vermişlər.