Fələstin lideri Mahmud Abbas ölkəsinin dövlət kimi tanınması üçün müraciətini bu gün BMT-yə təqdim edəcək.
SalamNews-un “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar veto qoyacağını açıqlayan ABŞ prezidenti Barak Obamaya fələstinlilər sərt reaksiya göstəriblər. Belə ki, Obamanın BMT-ki çıxışı fələstinliləri əsəbləşdirib və dünən minlərlə fələstinli Qəzza və İordan çayının qərb sahilllərində etiraz aksiyası təşkil edib.
Fələstin nümayəndə heyətində olan səlahiyyətli şəxslər də Obamanın çıxışı ilə bağlı “Bizi arxamızdan bıçaqladı”, “Obama artıq dost deyil. Yəhudi lobbisindən qorxduğunu sübut edib" kimi müxtəlif fikirlər səsləndiriblər.
Ümumiyyətlə, yalnız fələstinlilərin deyil, bütün dünyanın iki aydan çoxdur həyəcanla gözlədiyi gün nəhayət, gəlib çatıb. Fələstin lideri Mahmud Abbasın bu gün BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxışından sonra Fələstinin "1967 sərhədləri ilə müstəqil ölkə kimi BMT-yə tam üzv kimi qəbul edilməsi" ilə bağlı müraciət etməsi gözlənilir.
Bildirək ki, ABŞ prezidenti Barak Obama bu müraciətə veto qoyacağını keçirdiyi görüşdə açıq şəkildə Mahmud Abbasa deyib.