Oxucu sual verir: Namazın qiraət hissəsində səsin yüksək (cəhr) və asta (ixfa) ölçüsü nə qədərdir?
Şəriətimizə görə, gündəlik namazlardan sübh namazının, eləcə də məğrib və işa namazlarının birinci və ikinci rükətlərində qiraəti nisbətən ucadan oxumaq lazımdır. Əksinə, bütünlükdə zöhr və əsr namazlarında, eləcə də, məğrib namazının üçüncü rükətində, işa namazının üçüncü və dördüncü rükətlərində qiraət astadan oxunmalıdır. Qəsdən bu qaydanı pozmaq namazı batil edər. Səsin yüksək olmasının meyarı budur ki, ən azından insanın yanında durmuş şəxs onun səsini eşitsin (sözlərini anlamasa belə). Bununla yanaşı, səsi həddən artıq ucaltmaq, qışqırmaq da olmaz. Namazı astadan qılmağın ölçüsü isə budur ki, insan öz səsini yalnız özü eşitsin. Diqqət yetirmək lazımdır ki, bu zaman surələri ürəkdə oxumaq düzgün deyil, bütün sözlər tələffüz edilməlidir.