Oxucu sual verir: Həzrət Muhəmməd Peyğəmbərin (s) kölgəsi olmadığı barədə məlumatların mənbəyi nədir?
Bəzi İslam mənbələrində Peyğəmbərimiz (s) təsvir edilərkən, Onun kölgəsinin olmadığı da göstərilir. “Səhih əl-Buxari”yə yazılmış “İrşad əl-sari” adlı məşhur şərhin və bir sıra başqa əsərlərin müəllifi olan Əllamə Qastalani “əl-Məvahib əl-lədüniyyə” kitabında yazır:
“O həzrətin nə Günəşdən, nə də Aydan kölgəsi yox idi. Həkim Tirmizi bunu Zəkvandan rəvayət edib. İbn Səd deyir ki, o həzrət nur idi. Buna görə nə Günəşin, nə də Ayın altında hərəkət edəndə kölgəsi olmazdı. Başqaları deyiblər ki, bunun sübutu o həzrətin duasındakı “İlahi, məni nur et” sözləridir”.
Bu fikrə şərh yazanlar qeyd etmişlər ki, Peyğəmbərin kölgəsi ona görə yerə düşmürdü ki, kafirlər bu kölgəni tapdalamaqla o həzrəti təhqir edə bilməsinlər. Həmçinin, Abdulllah ibn Abbasdan da rəvayət edilib ki, Peyğəmbərin kölgəsi yox idi. O həzrət gün altında duranda nuru Günəşin nurundan daha parlaq görünər, çırağın yanında duranda nuru çırağın işığını üstələyərdi.
Məşhur şairimiz Nizami Gəncəvi də “Sirlər xəzinəsi” poemasının əvvəlində Peyğəmbərə (s) həsr etdiyi ikinci nətdə (təridə) buna işarə etmişdir.