Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.
Qarakənd faciəsindən 27 il ötür.
Hadisə 1991-ci il noyabrın 20-də baş verib.
Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.
Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.
Faciədən 27 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.
Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.