ABŞ-kı görüşlərini davam etdirən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Monteneqronun Baş naziri ilə görüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan Fələstinin BMT-də tanınma tələbi ilə əlaqədar olaraq deyib: ''Hazırda Fələstin rəhbərliyinin bu barədə atacağı addımları gözləyirik. Atacaqları addımların hər zaman yanında olacağıq. Mövqeyimiz hamıya məlumdur. İsrail dövlətdirsə, Fələstin də dövlətdir''.
Onun ''Yaxın günlərdə Fələstin Birləşmiş Millətlərdə üzvlüklə bağlı müraciət edəcək. Əlavə edəcəyiniz yeni bir şey varmı'' sualına cavabı belə olub: ''Bizim mövqeyimiz indi Fələstin dövlətinin mövqeyi ilə eynidir. Çünki bəziləri Fələstin xalqına çox haqsızlıq edir. Əlli ildir Fələstin xalqı “dövlət olacaqsınız, olacaqsınız” deyərək başlarını qatırlar. Baxmayaraq ki, Fələstin xalqının torpaqları işğal altındadır, elə təsəvvur yaratmağa çalışırlar ki, guya İsrailin torpaqlarının işğal altındadır. Bunun qəbul edilə biləcək heç bir tərəfi yoxdur”.