Oxucu sual verir: Xalçanın üstündəki və ya altındakı toz-torpağa təyəmmüm etmək olarmı?
Təyəmmüm ilk növbədə torpağa edilməlidir. Əgər torpaq tapılmazsa, qum, bişirilmiş gəc, əhəngdaşı, daş və kəsək üzərinə təyəmmüm etmək olar. Əgər bunlar tapılmasa və əldə etmək də çətinlik törətsə, xalça-palazın üzərində və ya altında toplanmış toz-torpağa da təyəmmüm etmək icazəlidir. Lakin bu, adi toz deyil, narın torpaq halında olmalıdır. Belə ki, evlərin küncündə rast gəlinən, bəzən saç və tüklə qarışmış halda olan tozun üzərinə təyəmmüm etmək olmaz. Həmçinin, xalçanın üzərində və ya altında toplanmış narın torpaq təyəmmüm üçün kifayət edəcək miqdarda olmalıdır, yəni qoşa ovcu yerə vuranda həmin torpaq ovucları əhatə etməlidir. Ümumiyyətlə, unutmaq olmaz ki, xalçanın üzərindəki və ya altındakı torpağa əlacsızlıq halında təyəmmüm etməyə icazə verilir. Yaxşı olar ki, təyəmmüm üçün mümkün olan bir yerdən (həyətdən, dibçəklərin dibindən və s.) təmiz torpaq götürülsün.