Oxucu sual verir: Bir insanın haram pul qazandığını ehtimal ediriksə yaxud qazancının bir hissəsinin haram, bir hissəsinin də halal olduğunu dəqiq biliriksə, ondan hədiyyə almaq, evində çörək yemək və s. olarmı?
İslam dini bizdən başqalarına qarşı hüsni-zənn ilə davranmağı tələb edir. Əgər bir kəsin yalnız haram yolla qazandığını yəqin biliriksə, onun malından uzaq durmağımız lazımdır. Çünki haram maldan itifadə edən şəxs də günah qazanar və haram mal onun mənəviyyatına mənfi təsir edər. Amma insanın haram yolla qazandığını dəqiq bilmir, ehtimal ediriksə və ya bu barədə şübhəmiz varsa, bu halda onunla ünsiyyət qurmaq və razılığı ilə malından istifadə etmək olar. Eləcə də, əgər bir şəxsin həm haram, həm də halal yolla qazancı varsa, bizə bir hədiyyə verirsə, həmin hədiyyəni haramdan qazandığı pulla aldığını deməmişsə, onu qəbul edə bilərik. Çünki həmin hədiyyənin halal yoxsa haram pulla qazandığını bilmirik. Bu cür hallarda hüsni-zənn ilə davranmaq və məsələni yaxşılığa yozmaq icazəlidir.