Oxucu sual verir: Qüsl alarkən də dəstəmazda olduğu kimi su bədənə yuxarıdan aşağıya doğru tökülməlidir? Qüsldən əvvəl də bədən quru olmalıdır?
Qüsl və dəstəmazın şərtlərində həm oxşar (ortaq), həm də fərqli cəhətlər vardır. Məsələn, suyun pak olması, suyun və məkanın halal olması (qəsbi olmaması), su ilə bədən arasında maneənin olmaması, ardıcıllığa riayət edilməsi kimi şərtlər onları birləşdirir. Amma dəstəmazda vacib olan bəzi şərtlər qüsldə yoxdur. Məsələn, dəstəmazdan əvvəl məsh edilən üzvlərin quru olması şərtdir, amma qüsldən əvvəl bütün bədənin yaş olması da icazəlidir. Dəstəmazda üzün və qolların yuxarıdan aşağıya doğru yuyulması, yəni suyun yuxarıdan aşağıya tökülməsi lazımdır. Amma qüsl zamanı su istənilən şəkildə tökülə bilər. Ümumiyyətlə, qüsl zamanı bədənin istənilən şəkildə yuyulması icazəlidir. Yetər ki, əvvəlcə baş və boyun, sonra bədənin bütün sağ tərəfi, axırda da bütün sol tərəfi olmaqla ardıcıllığa riayət edilsin.