Ans-in verdiyi məlumata görə 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının təşkilinə Bakının namizədliyi irəli sürüləcək. Bu barədə Trend-ə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Ölkələri İdman Həmrəylik Təşkilatının vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. "2013-cü ildə İslam Həmrəylik Oyunları İndoneziyanın paytaxtı Cakartada keçiriləcək. Biz çalışacağıq ki, növbəti yarışların birini Bakıda keçirək", - deyə Hüseynzadə bildirib.
İslam Həmrəylik Oyunları 4 ildən bir keçirilir. İlk belə yarışlar 2005-ci il aprelin 9-dan 19-na kimi Səudiyyə Ərəbistanında keçirilib. MOK-un vitse-prezidenti bildirib ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin irəli sürülməsi üzrə yaradılan Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbəti iclası üçün hazırlıq işləri görür. "Hələlik BOK-un iclasına hazırlıq görülür, Azərbaycanda yaradılan Təşkilat Komitəsinin iclasının keçirilməsi planlaşdırılır", - deyə Hüseynzadə bildirib.
Beynəlxalq Olimpiya Komitəsi 2011-ci ilin sentyabr ayının əvvəlində 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüb. Namizəd şəhərlər ilk təqdimatı 2012-ci ilin fevral ayında nümayiş etdirəcək.