Oxucu sual verir: İnsan vurdurduğu iynənin yerindən qan gəldiyini bilmədən namaz qılsa və bundan namazdan sonra xəbər tutsa, namaz düzgündürmü?
Namaz zamanı bədənin və paltarın nəcasətdən pak olması mühüm şərtdir. Lakin nəcasətlər içində yalnız yara qanının az miqdarda paltarda və ya bədəndə olması icazəlidir (bir daha qeyd edirik ki, burada yara qanı nəzərdə tutulur, heyz qanı bura aid deyil). Qan ləkəsinin ölçüsünun həddi şəriətdə bir dirhəm təyin edilib. Bu, əldəki şəhadət barmağının son bükümünün sahəsi qədərdir. Bu sahədən çox olmamaq şərti ilə bədəndə və ya libasda yara qanı olması namazı batil etməz. İynənin yerindən gələn qan adətən bu miqdardan artıq olmur. Ona görə də namazdan əvvəl iynə yerindən azacıq qan gəlməsinə fikir verməyən şəxs namazdan sonra bunu bilsə, namazı düzgündür və qəza etməsi lazım deyil.