Oxucu sual verir: İnsan hazırda imkanı olmadığı halda başqasının verdiyi pulla hədiyyə olaraq həccə getsə, daha sonra özü maddi imkan sahibi olduqda yenə həccə getməlidirmi?
İnsanın boynuna həcc gəlməsi üçün bir neçə şərtin həyata keçməsi vacibdir. Məsələn, onun maddi imkanı olmalı, sağlamlığı buna icazə verməli, səfər həyat üçün təhlükə yaratmamalıdır. Bu şərtlərə sahib olan hər kəs həyatında bir dəfə də olsa həccə getməlidir, əgər qəsdən getməsə, günahkardır və qiyamət günündə Allaha cavab verəcəkdir. İnsanın özünün maddi imkanı yoxdursa, amma başqa birisi ona həcc xərcini təmənnasız olaraq hədiyyə edirsə, artıq bu zaman həmin şəxsin boynuna həcc gəlmiş olur və gərək həccə getsin. Əgər bütün hökmlərini yerinə yetirmək şərti ilə həcc etsə, daha sonra özü maddi imkan qazansa, daha həcc ona vacib olmaz. Çünki qeyd etdiyimiz kimi, həcc insana bir dəfə vacib olur. Əlbəttə, özü imkan qazanandan sonra müstəhəb həcc ziyarətinə getməsinin heç bir maneçiliyi yoxdur, əksinə, savabı var.