Oxucu sual verir: İmam Hüseynin (ə) atı Zülcənahın taleyi necə olmuşdur?
“Zülcənah” sözünün mənası “qanadlı” deməkdir. Sürətli və cəld yerişə malik olduğu üçün ona bu ad verilmişdi.
Kərbəla faciəsi zamanı İmam Hüseyn (ə) Zülcənahın tərkində oturaraq döyüşmüş, sonra atdan yıxılmışdı. Imam Hüseynin (ə) şəhadətindən sonra Zülcənah öz başını və yalını Onun qanına sürtmüş, çadırların yanına gəlmiş, bununla da şəhadət xəbərini Əhli-beyt qadınlarına və uşaqlara bildirmişdi. Bundan sonra Zülcənahın öz başını yerə vurub öldüyü rəvayət edilir.
Aşuranın təsvirinə həsr edilmiş bəzi mənbələrdə İmam Hüseynin (ə) şəhadətindən sonra qarşı tərəfin Zülcənahı tutmağa səy göstərməsi, amma atın buna mane olması, onu tutmaq istəyən 40 nəfəri və 10 atı təpikləyib öldürməsi də bildirilir. Bəzi rəvayətlərə görə, Zülcənah səhraya qaçıb gözdən itmiş, yaxud özünü Fərat çayına ataraq boğulmuşdur.