Oxucu sual verir: “Səfeh” və “müflis” kəlmələri nəyi ifadə edir?
Bu terminlər əsasən, şəriət risalələrində alış-veriş, şəriklik, əmanət və digər müamilə əməlləri ilə bağlı hökmlərdə işlədilir. Dilimizdə ifadə etdiyi mənadan fərqli olaraq, şəriətdə “səfih” (səfeh) “rəşid” kateqoriyasının əksi sayılır. Yəni öz mülkündən düşünülmüş şəkildə istifadə etmək qabiliyyətinə malik olmayan, malının qədrini bilməyən, malını hədər, mənasız işlərə xərcləyib zay edən şəxslər bu cür adlandırılır. Onlar yalnız öz vəlilərinin, yəni himayədarlarının icazəsi ilə mallarından istifadə edə bilərlər. Himayədarın icazəsi olmayan hallarda səfeh şəxsin öz mülkiyyətindən istifadə etməsi, onu xərcləməsi, bağışlaması, icarəyə verməsi qeyri-qanuni hərəkətdir və heç bir hüquqi əsası yoxdur.
“Müflis” (bankrot) isə borcu mülkiyyətindən çox olan şəxsə deyilir. Bu şəxsin malik olduğu hər şey başqasına məxsusdur, özünün heç nəyi yoxdur. Müflislik halı məhkəmənin hökmü ilə və ya məhkəməsiz yarana bilər. Mülkiyyətinə hüquqi həbs hökmü kəsilmiş şəxs də müflis sayılır. Müflis şəxs borclu olduğu adamların icazəsi olmadan mülkiyyətindən istifadə edə bilməz, yalnız borclu olduğu adamlar ona bu icazəni verə bilərlər.